среда, июня 11, 2008

İNSANI MƏHV EDƏN KOLLAR

Sağlamlığımı Rəbbim mənə əmanət vermiş, əmanətə xəyanət yaraşmaz mənə....

Tütünsüz dünya xəyal deyil, sadəcə gələcəkdir.
Gələcək isə mütləq gələcək.

Şimaldan əsən külək sərinlətmişdi hər tərəfi. Evlərin damından çıxan səslər pozurdu ətrafın sakitliyini. Ağaclar öz yarpaqlarını titrədirdi yavaş-yavaş. Ətrafın kimsəsizliyi bir ürpərti verirdi insana. Sanki köçmüşdü bütün insanlar burdan. Sanki yer sakinsiz idi. Sanki əsən şimal küləyi aparmışdı özü ilə insanları, ağacların yerdəki qurumuş yarpaqlarını apardığı kimi. Heyvanlar da küsmüşdü buralardan. Onlar da köçüb getmişdilər sanki. Özü ilə bir səssizlik gətirən şimal küləyi qorxutmamışdı onları. Amma onlar görünmürdü ətraflarda.
Bura bir tarla idi. Kollardan ibarət bir yer. Xain bir meydan. Neçə-neçə insanlara bədbəxtlik gətirən kollar və neçə-neçə insanların həyatının sonuna çıxmış kollar idi bu kollar. Təkcə kollar tək deyildi burada, tanıyırdılar bir-birlərini. Tanıyırdılar bir qatil kimi…
Bəli, tütün kolları idi bu kollar. Bir deyil, iki deyil, milyonlarca idilər. Xain torpaq. Bitirmişdi onları öz sinəsində. Su vermişdi, gübrə vermişdi onlara. Qoymamışdı əsən külək qoparsın onları. Qorumuşdu bu kolları yağışda da, qarda da.
Bəlkə də o, bilmirdi ki, neçə-neçə sinəsində yatan insanları məhz bu kollar öldürmüşdü. Bəlkə də o bilmirdi ki, neçə-neçə ailələri, uşaqları atasız qoymuşdu onlar.
Bu kolların üzərində yarpaqlar var. Yarpaqlar da günahkardır kollar qədər. Məhz onlar öldürür insanları. Kəsirlər insanın ömür lentini. Kəsirlər bu lentin hər tərəfini.
Məhz bu kollar idi günahkar bəlkə də. Çünki onlar idi insanların ürək döyüntüsünü qırıq-qırıq xətlər təki edənlər. Çünki onlar idi ölüm siqnalı verənlər. Çünki onlar idi sağlamlığı baltalayanlar, xain odunçular kimi…
Bəli, qatil məhz bu yarpaqlar idi. Onlar içizdiridilər ölüm şərabını insanlara. Onlar sevdirirdi özlərini insanlara. Onlar sevinirdi öləndə insan.
Nə vaxtsa bu yaşıl yarpaqlar qopardılacaq öz budağından. Qurudulacaq, kəsilib xırdalanacaq, yandırılıb dolacaqlar insanların ciyərlərinə. Kök salacaqlar orda zaman-zaman. Nəhayət tezləşdirəcəklər ürəyin döyüntülərini, kirlədəcəklər insanların qanını öz qanları ilə. Öldürəcəklər insanların ağ ciyərlərini, öldürəcəklər insanların beynini və sonda özünü.
Bəli, günahkar məhz bu yaşıl yarpaqlardır. Kim bilir, bəlkə də amansız olacaq əsən bu şimal küləyi sovuracaq yeri-göyə. Dağıdacaq ətrafı. Tökəcək bu kolların yarpaqlarını. Məhv edəcək onları insanları məhv etməmişdən qabaq…
Bəs külək niyə susur? Nəyə görə lərzələmir bu kolları? Nəyə görə qoparmır yerindən onları? Nəyə görə soyuq əsmir? Nəyə görə?
Bəlkə də günahkar küləkdir. Əvvəlcədən qoparsaydı bu kolları kökündən, bir dənə də kol olmazdı. Yarpaq olmazdı. Tütün olmazdı. Duman olmazdı. B udumandan ölüm olmazdı. Başsız qalan ailələr olmazdı. Atasız qalan uşaqlar olmazdı. Göz yaşı axmazdı. “Sağ ol” deyər küləyə ağlamayan o gözlər. Gülər külək əsən tərəfə. “Sağol” deyər külək sənə.
Yaxşı, torpaq xain çıxdı. Bitirdi bu kolları öz sinəsində. Yaxşı külək xain çıxdı. Əsmədi bərk. Tufan qoparmadı. Yaxşı kollar xain çıxdı. Yetişdirdi yarpaqları öz əli ilə. Bəs günəş? Nəyə görə günəş verdi öz nurunu bu yarpaqlara? Nəyə görə saçdı günəş? Qaralmadı, məhrum etmədi öz işığını yarpaqardan nəyə görə?...
Verməsəydi öz şəfəqin bu kollara, bitməzdi bu kol, bitməzdi yarpaq. Ölməzdi insan qurumuş tütün yarpaqlarından. Qatil günəş! Sənsən qatil! Sənsən cani! Sənsən, sən! Sənin bircə hərəkətin bəs edərdi ölməsin milyonlarca insan. Verməsəydin öz nurundan. Niyə verdin? Sənsən günahkar! Səbəbkar sənsən!
Bat günəş! Saçma bir də! Çıxma bir də dan yerindən! Qatil sənsən! Cani sənsən! Uşaqları gözüyaşlı qoyan sənsən!
Yaxşı, torpaq xain çıxdı, bitirdi kolları öz sinəsində.
Yaxşı, külək xain çıxdı, əsmədi bərk, tufan qoparmadı.
Yaxşı, kollar xain çıxdı,bitirdi bu yarpaqları öz əli ilə.
Yaxşı günəş xain çıxdı, verdi öz işığından bu yarpaqlara.
Bəs insan? Günahkar deyilmi insan? Nəyə görə atır günahları bir başqasına? Sonunda ziyan çəkən insan deyilmi qurumuş tütün yarpaqlarından?
Rəzil insan! Öldürürsən özünü bilə-bilə. Bir tütün yarpağının əsirisən. Yazıq insan, paklığın zirvəsində olan zaman söz vermişdin Rəbbinə sən. Oldun nökər. Bir yarpağın qırıqları ağalıq etdi sənə. Qul oldun sən.
Nə oldu o möhkəm iradənə? Nə oldu o qırılmayan əqlinə? Nə oldu o sağlamlığına? Bir tütün yarpağı qırdı sənin iradəni. Məhv etdi səni.
Bir tütün yarpağı. İradəsiz və gücsüz yarpaq. Etdi bütün bunları iradəli və güclü olan sənə. Nə tez uduzdun bu mübarizəni? Qüvvələr nisbəti açıq-aydın ortada idi. Uduzdun sən, qalib olduğun halda. Uduzdun sən, güclü olduğun halda. Məğlubsan sən bir tütün yarpağına.
Bəli, günahkar insandır. Məğlub insandır. Atır öz günahını günəşin, torpağın üzərinə. Günahkar sənsən, ey düşüncə bataqlığında boğulan insan!
Çıx, ey günəş! Saç nurunu aləmlərə. Əs, ey külək. Bitir, ey torpaq, ver gübrəni. Yetişdir tütün yarpaqlarını. Bit, ey yarpaq! Yaşıllaş sən. Mən səni dərməsəm, qalarsan orda. Mən səni qurutmasam, quruyarsan kolunda. Mən səni yandırmasam, yanmazsan. Mən səni qonaq etməsəm, sən gəlməzsən mənim köksümə.
Çıx, ey günəş! Ver öz şəfəqini yarpaqlara. Bit ey yarpaq! Sənə uduzmaram mübarizədə. Çünki Rəbbimə söz vermişəm mən. Sağlamlığımı Rəbbim mənə əmanət vermiş, əmanətə xəyanət yaraşmaz mənə....

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: