пятница, февраля 22, 2008

Qaynar qazan vadisi

Xoş gördük əziz dostlar. Əvvəlcə sizləri UCA RƏBBİMİZİN pak adı ilə salamlayır və gününüzün xoş olmasını RƏHİM olan ALLAHDAN diləyirəm.
Elə bu xoş ovqatla da baş vuraq həftə ərzində baş verənlərə, görək nə var, nə yox. İlk öncə deyim ki, bu fani dünyada hər kəs istəyir ki,Yaradanının ən sevimli, ən əziz bəndəsi olsun. Əlbətdə ki, bu istəyin müqabilində insanın gərək əməlləri pak, 200 qramlıq ət parçası olan dilinin söylədiyi - haqq kəlamı olsun. Bir sözlə insan ən ali duyğularla yaşamalıdır. Yox əgər bu pak hisslərdən uzaq olub qeybət edib söz gəzdirərsə, haqq yolundan sapar, olar rəzil bəndə.
Haqq dərgahında da belə bəndənin vay halına. Mübarək Qurani-Kərimdə bu barədə buyurulur: "İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına!". («Huməzə», 1)
Digər bir ayədə isə qeybət edənlər barədə: "Sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı?" buyurduğu bir vaxtda kimsə "YAZAR" qardaşının diri ətini "dönər" eləyib töküb AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Jivkova xanımın qulağına. Xanımdan sual edən yazarlar həbsdə olan jurnalistlərlə bağlı mövqeyini soruşanda Xanım da cavabında - "Ziddiyyətli məlumatlar çoxdur" deyib. Vəziyyəti qiymətləndirmədə əziyyət çəkən səlahiyyətli xanım yazarların çək-çevir suallarına heç də qəlb oxşayan cavab verə bilməyib. Bundan sonra qələmlər başlayıb yazmağa ki. . .
Düzü onların yazdığı ilə heç bir işim yoxdur. Ancaq səlahiyyətli xanımın missiyasına aydınlıq gətirən "TURAN"-dan Mehman müəllim ərz edib ki,"onun Azərbaycanda biznes maraqları var". Qısa bir müddətdə barəsində bu kimi yazıları görən xanım bu dəfə də əllərini göyə tutub "Yaxşımı qoyub, yamanımdan yazanın qələmi qurusun" deməsə yaxşıdır.
İndi isə digər doğma və qərib bir qonağımız olan Conatan müəllim haqqında. Jurnalistlərin birinə müsahibə verib səmimi danışan qərib qonaq nədənsə sualları elə bil sək-səkə ilə cavablandırıb -"Azərbaycanda yaşamaq elə də asan deyil " və yaxud jurnalist qonağın Azərbaycanda qalıb yazı-pozu işi ilə məşğul olmağın soruşanda Conatan müəllim: "O-o-o! burada çox cətindir!" - deyə cavablandırıb. Qonağın belə sək-səkəli cavablandırmasına səbəb, nə vaxtsa bizim «Mitinq Çingiz» kimilərin biri ilə qapı astanasında qarşılaşması olub. Bizim polad biləklimiz qonağa elə yumşaq-yumşaq "Go away" - «Get burdan!» deyib. Allah ömür versin. Hər bir diplomat təqaüdə çıxanda ortaya bir kitab qoyur. Mən belə düşünürəm ki, Henik müəllim pensiya illərində yazacağı "SƏK-SƏKƏLİ MİLLƏT" əsərinin elə baş qəhrəmanı da "Go away" olacaq.
Ölkəmizin iç xəbərləri ilə bağlı deyim ki, bizdə hadislər tam təzad təşkil edir. O tərəfdən Fizuli rayonun Kərimbəyli kəndində Qəzənfər kişi 2 metrlik quyudan neft çıxardır, bu tərəfdən isə unun, yağın, qəndin qiyməti ikiqat artıb. Və yaxud ölkənin cənub bölgəsində mal-qara ikibaş, üçbaş ölürsə, qərbində isə quzular ikibaşlı doğulur.
Deyirəm yaxşı ki, siyasətlə məşğul olmamışam yoxsa Ter-Petrosyan və Sərkisyan seçkisinə rəy verməklə uzun vaxt itirərdim. Odur ki, bu yerdə ilanın ağına da, qarasına da lənət deyib keçirəm Danimarka hadisələrinə. Bu ölkədə on minlərlə gənc islam Peyğəmbərini təhqir edənlərə qarşı Feysbuk (Fasebook) internet şəbəkəsində "ÜZR İSTƏYİRİK, YA MUHAMMƏD (s)"etiraz hərəkətinə başlayıb. Peyğəmbərimizi təhqir edənlərdən biri olan baş redaktor Peter Melin bu dünyanı müəmmalı şəkildə tərk etsə də MƏAD aləmində əməllərinə aydınlıq gətirilib.
SH(səhih hədislərə) istinadən bildirilir ki, Peter artıq öz məhbubuna qovuşub və hal-hazırda Əbu-ləhəblə birlikdə "Qaynar qazan vadisindədir". Və o Əbu-Ləhəb ki, Qurani -Kərim bu rəzil sifət haqqında belə buyurur: «1) Təbbət yədə Əbi ləhəbin və təbb (Əbu Ləhəb məhv oldu və iki əlləri (ki Peyğəmbərə daş atardı)kəsildi. 2) Ma əğnə ənhu maluhu və ma kəsəb. (Saxladığı mal və sərvət heç işinə yaramadı(İslamı məhv edə bilmədi) və həlak olmağından qurtarmadı. 3) Səyəslənarən-zatələhəb (Tez olacaq ki, o, alovlu atəşə girəcəkdir». («Məsəd» surəsi, 1-3 ayə)
Allahım, qəlbimizdə Peyğəmbər (s) və onun pak Əhli-Beytinin sevgisini şölələndir!
Haqq dünyasında hər bir kəs öz SEVGİSİ ilə məşhur olur. Amin, ya Rəbbəl-aləmin!

Təbiət Hüseynov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

1 комментарий:

mehdi комментирует...

gozel yazidir,icmal xarakterli olmaqla yanasi maariflendirici xususiyyeti de var yazinin.amma qonsuluqdaki seckilerden yan kecmesini,buna laqeyid yanasmasini anlamadim.Yene de Allah komeyi olsun!