пятница, февраля 01, 2008

Zamanın memuarı

Zaman hər gün tarixin yaddaş kitabçasına özünün ötməsiylə bir memuar yazır. Əgər hər gün bir memuar yazırsa, deməli, fərqliliyi, dəyişkənliyi duyur zaman. Əks təqdirdə zaman hər gün dırnaq içində uzun bir tire çəkərdi. Bu dəyişkənlik fonunda yaranış olan insan, zamanın ona görə yaradılmasına baxmayaraq, zamanın dəyişmə mexanizmindən kənar qala bilmir, dəyişir. Dəyişən insan bir tərəfdən qurub-yaradır, kəşflər edir, dənizin dibindən kosmosa qədər ayağının dəymədiyi yer qoymur, hətta zamanın fövqünə çıxmaq belə istəyir – özünün əbədilik arzusuyla, amma digər tərəfdən qurulub-yaradılan şeyləri, özünün əbədilik arzusuna baxmayaraq, məhv edir.

Əcəba nədən?Görəsən, bu paradoksal həqiqətlər nədən qaynaqlanır?

Zaman bunu bilir və bəlkə də tarixin yaddaş kitabçasına yazıb da bunu. Yazıb ki, bütün bunlar o zaman baş verdi ki, bəşər övladı insan tərbiyəsini öz üzərinə götürdü. Və bu, silahla çörək əldə etmək kimi qorxulu cərəyanlar, Nakasaki, Xirosima kimi faciələr nəticələndi. Və bu, tarixin yaddaş kitabçasında freydlər, nitçelər, markslar, mussolinilər, hitlerlər kimi qorxunc «tərbiyəçilər» əks olundu.

Zaman bilir ki, tərbiyə mürəkkəb bir anlayışdır və onu da bilir ki, insan özü-özünə yaranmadı ki, tərbiyəsini də özü müəyyənləşdirə. Zaman bilir insan özüylə münasibətdə, özünütərbiyədə müvəffəq deyil, hər an özüylə qarşılaşan insan özünü belə uduzur, nəfsinin hiylələrinə uyub laləzar gördüyü çirkablarla uğraşır... Bir zamanlar mələklərin insan oğluna necə səcdə etdiyinin şahidi olan zaman, indi insan oğlunun heyvanlara səcdəsini ürək yanğısıyla müşahidə edir.İnsana səslənərək hayqırır zaman:

-Ey insan, bütün bunların səbəbi Rəbbindən uzaqlığındır. Rəbb – yəni, tərbiyəedici.

Rəbbindən uzaqlıq təbiyədən uzaqlıq deməkdir. Tərbiyə, “böyütmək”, “həyata hazırlamaq”-deməkdir. Səni insan necə həyata hazırlaya bilər ki, onun özü buna ehtiyaclıdır? Yoxsa insanların sənin tərbiyən ilə eksprement aparmasınımı istəyirsən?

Sənin tərbiyəedicin tərbiyənin çeşməsi olmalıdır. Bu çeşməyə dünyaya ilk dəfə ağlayandan bəri teşnəsən. Səni Yaradanın səni səndən yaxşı tanıması, əslində, sadə bir məntiqdir. Ey insan, sənin Rəbbin sənə şah damarından da yaxın olduğunu bəyan edir. Sənin damarlarınla yaşamağına zəmanət olan qan dövranı həyata keçir. Bir an bu qan dövranı dayansa, ölüm səni cənginə alacaq. Amma sən bundan da sənə yaxın olan bir varlıqsız yaşamağa iddialısan. Necə ki, cismin qan dövranı olmadan yoxluğa məhkumdur, sənin ruhun da Allahsız yoxluğa məhkumdur.

Bəli, İlahi ruh İlahdan ayrı qalmaqla heyvandan da aşağı bir səviyyəyə yuvarlanmağa məhkumdur. Əxlaqi fəzilətləri aşaraq özü üçün əbədi səadət təmin etməli olan insanın İlahi-tərbiyədən uzaq düşməklə heyvandan da aşağı səviyyəyə enməsi yoxluqdan da beşbetər bir vəziyyətdir. Vəhşiləşən insanı isə cəza sistemləri belə ram edə bilmir, nəinki tərbiyə... Ona görə ki, ilk dəfə dünyaya ağlayandan etibarən, hələ ağ bir vərəq kimi yazılmamış, təzə-tər, pak, hər bir çirkinlikdən uzaq körpəcə-fidan bala olan zaman onu çirkinliklərə bulaşdırıblar.

Dünyaya ilk dəfə ağlamaqla dünyanı sevincə qərq edən bu körpəcə-fidan ağlamasıyla bizi güldürməsi bizim də onu öz sevincdən doğan gülüşlərimizlə güldürməyimizçündür, bəlkə də... Amma o, gülmür, elə heeey ağlayır. Çünki gülüşlərimizin mənbəyi bizə görə sevincdir. Amma uşaq bizim gülüşlərimizdə “xortdan gülüşləri” görür. Heç vaxt gülməyəcək. Axı, bilir bu “xortdanlar” onu da dəyişib “xortdan” edəcəklər.

Amma zaman her şeydən fərqli olaraq uşağı “tərbiyə” edib ona nəsə öyrədib onu dəyişməyin tərəfdarı deyil, əksinə – uşağın həmin pak halını qorumaq və ona iradə libası geyindirmək, onu fitrətə yönəltməyin tərəfdarıdır. Bütün bunları bir zamanlar tarixin yaddaş kitabçasına yazdığı İslam adlı memuardan oxuyur zaman, oxuyur və onda bəşəriyyətin “müasirlik” adı altında tərbiyəsizlikləri mənimsəməsiylə bağlı narahatçılıq yaransa da, o, nikbindir. Çünki zaman öz sahibinin-SAHİB-ZAMAN MEHDİnin (ə.f.) intizarındadır. Bir də axı, zaman tarixin yaddaş kitabçasına ataların “tarix təkrarlanır” deyimini də yazıb... Tarix təkrarlananda isə zaman, sadəcə, dırnaq içində uzun bir tire atacaq, təkrarçılıq olmasın deyə...



İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyasının
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Azər Nəsirov

3 комментария:

Unknown комментирует...

Cox maraqli. sade, eyni zamanda dushundurucu dilde yazilmish meqaledir. Ehsen. Mektebimizle, telebelerimizle fexr etmeye bashlayiram. Cox sevindirici haldir.

ali комментирует...

Cox teqdirelayiq bir meqale,ugurlu secim.Davami gelsin.

bikexanim комментирует...

Meqalede xususi axarliliq var. Bezi sehv qurulmush cumleler istisna olarsa yazi cox gozeldir.
Irad.insanin neinki ruhu,cismide Allahsiz yoxluga mehkumdur.