вторник, мая 13, 2008

Azərbaycanlı toyu

Salam olsun Peyğəmbərimizin (s) sünnəsini yaşadıb, şeytanın naləsini göyə ucaldan Əhli-beyt (ə) aşiqlərinə!
Əziz İslam Peyşəmbəri (s) buyurur: "Gənc çağında evlənən elə bir cavan olmadı ki, onun şeytanı belə fəryad qoparmasın: «Vay olsun ona! Vay olsun ona! Dinin üçdə ikisin mənim şərrimdən qorudu»".
Buna görə də, insan digər üçdə birini qorumaq üçün ilahi təqvanı qazanmalıdır.
Bu mübarək hədisdən sonra bütün subaylara toy-büsat arzulayıb keçirəm söhbətimin məğzinə.
Bu bahar fəsli daxil olandan, qanın damarlarda qaynadığı, gülün bülbülü, bülbülün gülü harayladığı vaxt iki toya "Dəvətnamə" aldım. Dəvətnaməni verənlərin biri namaz əhliydi, digəri isə namaz qılmasa da Allahı tanıyır, dediyinə inansaq qəlbinin təmizliyinə şəkk-şübhə olmayan köhnə tanışlardan idi.
Mən dəvətnamələri alanda inanclı dostuma «Allah mübarək etsin» deyib toyda görüşmək ümidilə ayrıldım.
"Qəlbi-təmiz" tanışım dəvətnaməsini mənə verdikdə isə bütün arzu və istəklərimi küçənin ortasında buna söylədim. Qoşa qarımaqdan tutmuş ta ki xoşbəxtliyə qədər...
Arzularımın bu qədər uzun olmasından təzə bəy də hiss etmişdi ki, mən o məclisə gedə bilməyəcəm. Düzdür indi sizdə də suallar yarana bilər ki, mən niyə o toya getməyəcəyəm. Birdən elə bilərsiniz ki, imkansızlıqdan. Yox-yox, imkansızlıq belə məsələlərdə lap axırıncı müzakirə mövzusudur.
Yenə açıqlamanı mən özüm verim ki, beyninizdə olan müəmmalı düşüncələr sizlərdən gen düşsün. Artıq hamımıza bəllidir ki, bizim başımıza gələn hər bir bəla bu MÜƏMMALARdandır…
Bax o inanclı dostumun toyuna ona görə gedirəm ki, orada mənəvi zövq, mənəvi istirahət var. Məclisə təşrif buyuran qonaqların üzündə olan təbəssüm, sevinc cizgiləri də təbiidir. Bu yerdə məclisin necə başlanmasına aid bəzi qeydlər edim ki, xəbərsizlər hali olsun. Məclis ağsaqqal xeyir-duası ilə başlayır. Mübarək Quran tilavətindən sonra hamı bir nəfər kimi Azərbaycanımızın himnini oxuyur. Məclis boyu ilahilərlə, surudlarla yanaşı, Vətən sevgisi haqqında oxunan mahnılar hər bir kəsdə ülvi hisslər yaradır, ailəyə, vətənə məhəbbət coşqusu aşılayır.
Qonaqlar üçün açılmış süfrəyə isə israfa yol vermədən halal nemətlər qoyulur. Ye, nuş olsun.
Rəbbin bəyəndiyi bir məclisdə olmaq sizin kimi mənim üçün də ən böyük şərəfdir.
Di gəl o biri "müasir" toylarda nə baş verir ki, mən bütün arzu və istəklərimi "səbəbkara" elə küçədə söyləyirəm. Bu kimi toyların xırda fraqmentlərindən açıqlayım ki, səbəb sizə bəlli olsun.
Kişili-qadınlı düzənlənmiş bir məclisdə gözəl bəylə üryan gəlini tükürpədici alqışlarla məclisin özlərinə aid yerində əyləşir və hamının diqqəti səbəbkarlara yönəlir. Düzdür, bu vaxt gözünü yerə dikib başını yuxarı qaldırmayan insanlar da olur. Çox güman bunlar gözlərini haramdan qoruyub bəyin qeyrətini öz qeyrəti bilən dostlarıdır. Adamın xəcalət təri içində "üzdüyü" bir vaxt hansısa "ziyalıya" söz verilir:"Elimizin qeyrətli oğlu və qeyrətli qızına xoşbəxtlik arzulayıram bunlar bizim gələcəyimizdir. Mən hamınızı rəqsə dəvət edirəm". Bu bayağı sözlərdən sonra işıqlar söndürülür. Artıq «qızışdırıcı» içkilərin təsiri altında gözəri, düşüncələri, o cümlədən mənəvi tabuları dumanlanan «dostlar» bir-birlərinin zənənlərini rəqsə dəvət edirlər, oynamaq istəməyənlər elə yerindəcə geriliklə ittiham olunur. Bu ittihamdan sonra isə müasirliyə can atanlar təbii ki, tapılır. Söhbətimin bu yerində bir daha xatırladım ki, bu ziyafət heç də Firəngistanda yox, nə vaxtsa küləklər şəhəri olan, indi isə şadlıq sarayları şəhəri olan Badi-Kubədə düzənlənir.
Əlqərəz, sizə çox başağrısı verməyim. Çox keçmir ki, əcaib musiqi sədaları altında sözlər və baxışlar çəp gəlir. Qızarmış gözlər, dumanlı başlar bu vaxt "həqiqəti araşdırırlar". Bu yerdə mən sözümü bitirirəm. Çünki məclisin bundan sonrakı hissəsi «Kriminal xəbərlər»ə aiddir. Bu kimi ziyafətlərin necə sona yetməsi kimə maraqlıdırsa, gecə yarı «Kriminal xəbərlər»i izləsin.
Bu boyda açıqlamadan sonra, iki dəvətnamə alıb,l akin toyun birinə gedib digərinə getmədiyim üçün məni heç kim "ikili standart" adı ilə ittiham edə bilməz. Elə yazımın sonunda müsəlman kimliyi, azərbaycanlı kimliyi olan hər bir kəsə sual edirəm. Sizcə, azərbaycanlı toyu necə olmalıdır?

Təbiət Hüseynov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: