среда, мая 14, 2008

Əsgər əsgəri niyə öldürür ?

Əsgər əsgəri niyə öldürür? Bu sual qarşı tərəfdə postlarda dayanıb qorxudan tir-tir əsən erməni əsgərlərini də maraqlandırır. Lakin öz zabitləri bu xəbəri onlara elə formada çatdırırlar ki, əsgərləri sanki bir iş görmüş kimi qürur hissi keçirirlər.
Nə isə, bu mövzuya sonra qayıdarıq. Bildiyimiz kimi bir az öncə Gəncədə hərbi hissələrin birində bir neçə ay əvvəl hərbi xidmətə çağırılmış Xəyyam Tofiq oğlu Quliyev əsgər yoldaşı Əli Xanlar oğlu Mustafayevin boğazını bıçaqla kəsib. Və əfsus ki, belə hadisələr nadir deyil, il ərzində təkrarlanır. Maraqlıdır niyə axı ordunun NATO standartlarına uyğun qurulmağa başladığı bir dövrdə, hərbi xərclərindəki arta-arta az qala 2 milyard dollara çatdığı bir dövrdə belə şeylər baş verir? Axı biz gənc əsgərlərin hərbi komissarlıqlardan necə həvəslə, ruh yüksəliyi ilə hərbi hissələrə getdiklərininin şahidiyik və qarı əriməyən dağlarda, erməni ilə üzbəüz duran postlarda şaxtadan üzləri qapqara olmuş, ayaq barmaqlarının hissiyyatı ölmüş mərd əsgərlərin və on ilə yaxın qulluq edən, oranı öz evi bilən «zek» əsgərlərin olduğunu da bilirik. Zabitlərin orada baş verənlərdən xəbərləri olmaya bilər, çünki oraları əsgərlər özləri idarə edir, hücumları da özləri təkbaşına dəf edirlər. Belə yerlərdə savadlı kadrlara, maariflənməyə həddən artıq ehtiyac var.
Əvvəldə qeyd etdiyim erməni zabitlərinin aidiyyatı olmayan xəbəri öz əsgərlərinə bəzənmiş yaxşı formada çatdırdıqlarına diqqət çəkirəm. Ən azı ucqarlarda olan əsgərlərlə tez-tez təmas yaradıb məlumatlandırmaq, maddi və mənəvi ehtiyaclarını təmin etmək olar. Nəyə lazımdı axı paytaxtdakı hərbi hissələrə hər ay mənasız mahnılar oxuyan müğənniləri yığıb ruhiyyə salan konsert vermək? Bəs vətənpərlik, şücaət, mərdlik, sədaqət kimi hissləri gənc əsgərlərə kim aşılayacaq?
Əsgərlərin düzgün bölünməməsi nəticəsində adını da yaza bilməyən tam savadsız və zəif əsgərlər bir yerə, ali təhsilli və sağlam əsgərlərin başqa bir yerə təyin olunması nəticəsində balans pozulur, heç birinin bir-birləri ilə yola gedə bilmədiyi bölmələr formalaşır ki, bunların da bir yerdə xidmət etmələrinin nəticələri çox ağır və fəsadlı olur. Əsgərlərin həftədə ən azı bir dəfə televizor, radio proqramlarını izləyə bilməmələri, onlarda maraq doğuran qəzet və jurnalların olmaması, inanclı əsgərlərin sıxışdırılması, onlara ağır və çətin işlər tapşırmaqla onların ibadətlərinə ciddi şəkildə maneə törətmələri və bir çox digər problemlər əsgərlikdə güclü mənəvi ab-havanın bərqərar olunmasına əngəl olur. Eyni zamanda, ömrünü dağda-daşda keçirən, ailə qurmaqda çətinlik çətən, çeşidli məişət problemlərindən zinhara gəlmiş, məzuniyyətlərinin az və qısa verilməsi, xidmət yerlərinin tez-tez dəyişdirilməsi zabitlərdə orduya qarşı bir növ qıcıq yaradır və əgərlərin təlim-tərbiyəsi ilə məşğul olmağa imkan vermir.
Sözsüz ki, sadalanan amillər, o cümlədən, əsgərlərlə mütəmadi işin aparılmaması orduda cinayət hallarının artmasına rəvac verir və ümumilikdə ordu ilə bağlı qeyri-müsbət assosiasiyaların formalaşmasına səbəb olur. Özü də bütün bu proseslər, 15 il davam edən nəticəsiz danışıqların girovuna çevrilmiş Qarabağımızın işğalı fonunda baş verir. Və vətənimizin cənnət diyarı sayılan Qarabağın düşmən tapdağı altında inildədiyi bir vaxtda, min bir işgəncə ilə öldürülmüş qadın və qızlarımızın qisas gözlədiyi bir vaxtda, yeni nəsil üçün yazılmış tarix kitablarında itirilən torpaqlar barədə məlumatların yavaş-yavaş azaldığı bir vaxtda, vətən yolunda şəhid olmaq üçün alışıb yanan əsgərlərə ədalətli sistemlə yanaşılmasının vacib olduğu bir dövrdə orduda bu cür münasibətlərin davam etməsi xüsusilə sarsıdıcıdır. Allah bizlərə həqiqi ədalət, vətən sevgisi və inam bəxş etməklə vətənimizi parçalanmış halda qoymasın. Amin.

Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: