среда, мая 07, 2008

Sovet hakimiyyəti - milli-mənəvi dəyərlərin aşınması, yoxsa elm və tərəqqiyə rəvac?!

«Hikmət evi» disput mərkəzi «Sovet bizə nə verdi?» mövzusunda müzakirələr üçün növbəti dəfə iştirakçılara qapı açdı. Bu səpkidə mövzunun seçilməsinə və müzakirə olunmasına səbəb, Sovet hakimiyyəti dövründə Azərbaycanın həqiqi qazanc və itkilərini, yaxın keçmişin müasir dövrümüzə nə kimi təsirlər qoyduğunu müəyyənləşdirməkdə idi.
Tədbir Hacı İlqar İbrahimoğlunun disput iştirakçılarını salamlaması və bugünkü disputdan maraqlı çıxış və müzakirələr gözlədiyini söyləməsi ilə başladı.
İlk çıxışçı Leyla Abbasova Sovet hakimiyyəti illərində Azərbaycanın istər mənəvi, istər iqtisadi, istər siyasi müstəvidə qazancından daha çox itkiləri olduğunu qeyd edərək, bu fikirlərini kifayət qədər faktlar və statistik göstəricilərlə əsaslandırdı. O dövrü - «qırmızı terror» dövrü adlandıraraq ziyalıların, din xadimlərinin və ümumiyyətlə sosialist ideologiyasına zidd düşünən insanların məhv edilməsini və nəticədə milyonlarla insanın repressiyaların qurbanı olduğunu iştirakçıların nəzərinə çatdırdı.
Eyni zamanda millətin mənəvi dəyərlərinə hansı zərbələrin endirildiyi haqda danışarkən dini kitabların yandırılması, təhsil sistemində elmi ateizmin tədris olunması, hətta çar dövründə müəyyən çatışmamazlıqlarla olsa belə fəaliyyət göstərən din alimlərinin səlahiyyətlərinin əllərindən alınması və s. bu kimi mövzularda danışdı.
Sonra Azərbaycan xalqının milli dəyərlərinə də kifayət qədər müdaxilələrin mövcudluğu - milli bayramların rəsmi qeyd olunmaması, ölkədə azərbaycan dilinin rəsmi dil olmasına baxmayaraq xüsusilə ali təhsil sistemində lazım olan ədəbiyyatın azərbaycan dilində dərc olunmaması haqqında fikirlərini söylədi. Kütləvi şəkildə ruslaşmanın aparılması, Sabir, Nəsimi və bu kimi klassik yazarları xalqa dini və ondan irəli gələn ayinlərə qarşı olan kimi göstərilməsini də vurğuladı.
Sovet dönəmində dinin azadlığa qarşı olması fikrini əsas tutaraq xanımların hicabı tərk etməsi, fiziki işlərdə işlədilərək bunları qadın və kişinin bərabərliyi, qadın azadlığı kimi qələmə verilməsi və s. haqqında danışdı. Çıxışının yekununda sadalanan məsələlərin hansı nəticələrə gətirib çıxardığını açıqladı: «Nəticədə müsəlmançılıq inanc məsələsindən daha çox bir ənənəyə, islam dininə etiqad bəsləyənlər isə namaz, oruc, fitrə kimi dinin yalnız bəzi ibadət məsələlərinə riayət edən etnik müsəlmanlara çevrildilər. Bir çox yazarlar və ya maarifləndiricilər sürgün olundu və ya öldürüldü».
İkinci tərəfdən Şadlinskaya Gülzar xanım isə Sovetin Azərbaycan xalqına gətirdiyi yeniliklər, qazanclar haqqında danışdı. Çıxışçı sovet ideologiyasının əsasını təşkil edən ədalət, bərabərlik prinsipləri üzərində xalqı birləşdirmənin, millətlərarası qardaşlığın bərqərar olmasını çox böyük uğur kimi vurğuladı. Təhsil sistemində olan çox böyük islahatlardan danışarkən təhsilin maddi imkanlarından, aid olduğu sosial təbəqədən asılı olmayaraq hamı üçün olması, orta təhsildən əlavə orta-ixtisas və ali təhsilin mövcudluğu, Elmlər Akademiyasının təsis olunmasını, savadsızlığın kütləvi şəkildə aradan qaldırıldığını qeyd etdi.
«Hamının eyni cür yaşamasını, dövlət tərəfindən təyin olunan qanun və qaydaların işləməsi insanlarda natamamlıq kompleksini aradan aparırdı. Məktəblərdə standart formanın olması da bir nümunədir ki, hamı - istər varlı, istər kasıb eyni geyinirdi. İnsanların sosial fərqləri çox qabarmırdı. Təhsil alanlar bilirdi ki, işləyəcək, işləyən mütləq rifahını yaxşıaşdıracaq, dövlət tərəfindən evlə təmin olunacaq. Hər bir vətəndaş özünün və ailəsinin dövlətin müdafiəsi altında olduğunu hiss edirdi, gələcəyə ümid var idi» - deyən çıxışçı indiki dövrdən fərqli olaraq insanların daha səmimi, xöşbəxt, mədəni olduqlarını söyləyərək çıxışını yekunlaşdırdı.
Disput iştirakçıları hər iki çıxışçını dinlədikdən sonra sual və iradlarını bildirdilər. Sovet hakimiyyətinin fəaliyyətində həm müsbət, həm də mənfi xüsusiyyətləri vurğulayanlar oldu. Qadınların 70 ildə istismara məruz qaldığı, Sovet hakimiyyətinin Azərbaycan xalqının deyil, öz maraqlarını güddüyü, o dövrdə «dəmir pərdə»nin mövcudluğu üzündən xalqın öz yaşayış tərzini ən yaxşı bilməsi və s. bu kimi rəylər səsləndi. İndiki dövrlə müqayisədə Sovet dönəminin uğurlu görsənməsi yaşadığımız dövrün istər mənəvi, istər iqtisadi böhran dövrü olduğu, buna görə də Sovet hakimiyyətinin insanlara daha yaxşı dövr təəssüratı yaratdığı vurğulandı.
Sonda Sovet quruluşunun Azərbaycanın tarixi ilə yanaşı, gələcəyinə təsir etməsinə diqqətin zəruriliyini qeyd edən Hacı İlqar bu mövzunun hər bir vətəndaş üçün önəmliliyini vurğulayaraq hər iki çıxışçı ilə yanaşı bütün iştirakçılara fəal olduqları üçün təşəkkürünü bilidirdi.

Günay Həsənova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Комментариев нет: