вторник, мая 06, 2008

Xəbərlər

Masallıda neft haradan?
Mənbələrimiz Güllütəpə kəndində 120 metr dərinlikdən çay keçdiyini, rayon mərkəzindəki quyudan çıxan məhlulun isə neft olduğunu bildirirlər. FHN hər iki faktı təkzib etməkdədir. Araşdırmalar davam edir.
Son zamanlar Masallıda baş verənlər KİV-in gündəmindən düşmür. Öncə Güllütəpə kəndindəki torpaq sürüşməsi və çökməsi haqqında, daha sonra isə rayonun mərkəzində yerləşən həyətlərin birindən neft çıxması xəbəri gündəmə damğasını vurdu. Hər iki olayla bağli ziddiyyətli məlumatlar gəlməkdədir. İctimaiyyətdə yaranan marağı nəzərə alaraq biz hər iki olayı araşdırmağa qərar verdik və bəzi maraqlı məlumatları əldə edə bildik. Öncə başlayaq Güllütəpə hadisələrindən.
Rəsmi və qeyri-rəsmi məlumatlarda burada baş verənlər torpaq sürüşməsi və çökməsi kimi qiymətləndirilməkdədir. Cənub bölgəsindəki mənbəmizin verdiyi məlumatlarda isə tam fərqli məsələlərə aydınılq gətirilməkdədir. Belə ki, mənbənin bildirdiyinə görə "Əslində Güllütəpə kəndində baş verənlərin əsl mahiyyəti mətbuatdan gizlədilir. Ona görə ki, bu hadisənin özündən də maddi mənfəətinə görə faydalanmaq istəyənlər var. Bu kəndin adamlarından oradakı çökəklilərdən birinə ucuna daş bağlanmış ipi sallamış və təqribən 110-120 metr dərinlikdə daş suyla islanmışdir. Kənd camaatından hətta su axınının səslərini eşidənlər də vardır. Hələ Sovet vaxtında Tatyan və Güllütəpə kəndləri arasındakı təpəyə helikopterlər qonar və gələn sovet geoloqları Güllütəpə kəndindəki prossesləri hələ o vaxt araşdırıb (təqribən 60-70-ci illərdə). Belə qənaətə gəlmişlər ki, "həmin ərazidə yeraltı güclü çay axını var və onun axın surəti hətta Kürün sürətindən də itidir" - deyə mənbə bildirmişdir.
«Belə bir şey o zaman məlum idisə, niyə bu kənddə məskunlaşmaya icazə verilmişdir?» -sualımızı isə mənbə belə cavablandırmışdır: - "Bilirsiz, Masallı əhalinin ən sıx olduğu rayonlardandır. Hətta bu sahədə Çini də geridə qoyur (red. 1kv.m - 265-255 nəfər). Buna görə də adamlar bayırda qalmasın deyə, buna göz yumublar. İndi isə artıq fəsadlarını gizləmək mümkün deyil. Ən pisi budur ki, camaata kömək etmək əvəzinə rayon Fövqəladə Hallar Komissiyasını sədri Nadir Abıyev (Masallıdan millət vəkili təyin olunmuş Əhəd Abıyevin qardaşı-red.) gələn yardımları ev sahiblərinə vermir. Səbəbsə həmin evlərin sənədlərinin olmamasıdır".
Deyilənlərə və haqqında yayımış xəbərlərə münasibətini bildirmək üçün Masallı rayonu Fövqəladə Hallar Komissiyasının sədri Nadir Abıyevlə əlaqə saxladıq. Komissiya sədrinin bildirdiyinə görə, hal-hazırda ərazidə güclü külək olmasına baxmayaraq "Təbii Sərvətlər və Ekologiya Nazirliyinin Milli Geologiya və Təhqiqatlar İdarəsi və FHN-nin əməkdaşları ərazidə 22 metr dərinlikdə 3 tədqiqat quyusu qazmış və birində 3 m. dərinlikdə, birində 12,5 m. dərinlikdə, üçüncüsündə isə 19 m. dərinlikdə su aşkar edilmişdir. Hələlik ən son məlum olan budur ki, çökmədəki mineral süxurlarda qrunt suları vardır. Quyulardan nümunələr götürülmüş və paytaxtdakı lobaratoriyala aparılmışdır. Müayinələrdən sonra 1-2 günə nətiəcələri ictimaiyyətə açıqlanacaqdır. Hər hansı çay yatağından danışmaqsa mümkün deyil".
Abıyev haqqında deyilənləri şantaj, böhtan və şər kimi qiymətləndirərək daha sonra "Dəyərlər"ə bunları bildirdi;- "Vəziyyət FHN-yi tərəfindən araşdırılır, dəyən ziyanın miqdarı müəyyənləşdirildikdən sonra inşaat materialları veriləcəkdir. Hələlik heç kəsə bu haqda yardımlar edilməmişdir". Məlumatı Güllütəpə kənd sakinlərinin dilindən öyrənmək cəhdimiz isə baş tutmadı. Belə ki, fövqəladə şəraitdə yaşamasına baxmayaraq, aradığımızda kəndin əksər abonentlərinin telefonları qeyri-işlək vəziyyətdə idi
Daha sonra neft çıxdığı bildirilən quyu ilə bağlı suallarımızı cavablandıran Abıyev bunu təkzib edərək, daha öncəki məlum açıqlamalarını verdi. Lakin bölgə üzrə digər mənbənin verdiyi məlumatlara görə isə «hazırda quyudan çıxan qara maddəni yandırdıqda tam olaraq yanır və hətta həmin məhluldan aşkar qaz iyi də gəlməkdədir».
Mənbə vurğuladı ki, quyudakı bu məhlululn yaxınlıqdakı yanacaq doldurma məntəsi (YDM) ilə qətiyyən əlaqəsi yoxdur. Çünki YDM kifayət qədər uzaqda yerləşir və buradakı yanacağın miqdarı ölçülən zaman heç bir itki müəyyən edilməyib". Mövzunu diqqətdə saxlayacayıq.



Qubada "əjdəha" əhalini susuz qoyub
və ya dövrümüzün yezidləri Qubada yüzlərlə ton taxılı batırmaq üzrədir.
Tikinti şirkəti sahələrə gedən suyun qabağını kəsib. Əhalinin RİH-nə müraciətləri isə nəticəsiz qalıb.
Qubanın Novo-Nikolayevka, Hacıhüseynli, Gənclər qəsəbəsi, Davudoba, Hacıqayıb, Əlməki və digər kəndlərinin sakinləri lap nağıllarda olduğu kimi "əjdəha"ya rast gəliblər. Belə ki, bir tikinti şirkətlər qrupu Qüdyalçayda çınqıl-daş istehsalına başlayan gündən bu kəndlərdə məskunlaşan 7 min nəfər suvarma suyunun üzünə həsrət qalıblar. Nəticədə 200 hektardan çox sahədə əkilmiş taxıl quraqlıq ucbatından məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb, eləcə də bəzi əkin sahələrində suvarma olmadığından məhsul çıxış verməyib. Hələ bu azmış kimi, həmin ərazinin ən böyük kəndi olan Hacıhüseynli kəndində hər gün müntəzəm olaraq saat 12:00-dan saat 18:00-adək elektrik təchizati da dayandırılır. Əgər nəzərə alsaq ki, kənddə içməli su təminatı da artezian quyular vasitəsilə həyata keçirilir, o halda bu müddətdə Allah eləməmiş, bir yanğın baş verərsə, onda odu söndürməyə də su tapmaq mümkün deyil. Bundan əlavə, ağır yüklü maşınların kənd yollarında hərəkəti nəticəsində həmin ərazini Quba-Xaçmaz magistralı ilə birləşdirən yol da dağılaraq, yararsız hala düşüb.
Bu barədə yerli icra hakimiyyətini, bələdiyyəni məlumatlandıran kənd sakinlərinin hətta rayon icra hakimiyyəti yetkililəri ilə görüşlərinin də nəticəsi olmayıb. Hazırda isə vəziyyət belədir ki, taxıl qıtlığının yarandığı və ölkəyə taxıl idxalının çətinləşdiyi şəraitdə yerli istehsalçıların harayına heç kim cavab verməsə, bu o deməkdir ki, həmin kəndlərin fermerlərinin min bir zəhmət və xərc hesabına becərdiyi yüzlərlə ton taxıl "yana" bilər. Bu isə yerli fermerlərin çəkdiyi xərclərin və eyni zamanda dövlətin verdiyi kompensasiyaların batması deməkdir.



Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: