пятница, мая 16, 2008

Nə vaxtdır Laçının gözü yoldadı…

Laçının işğalının 16 illiyinə həsr olunur…
Azərbaycan tarixinə qara rənglə yazılan daha bir tarix - 18 may! Nədənsə yaxın tariximizi əks etdirən təqvimimizdə belə «qara» tarixlər qürur duya, fərəhlənə biləcəyimiz günlərdən daha çoxdur. Hər dəfə Azərbaycanın müstəqillik əldə etdiyi gündən bu günə yeni tarixindən danışarkən, istifadə olunan o pafoslu sözlərdən, hallanan mövzulardan xəcalət çəkirəm. Həqiqi hədəflər sanki unudulub. Yalnız belə «qara» matəm günlərində xatırlanır Xocalı, Şuşa, Laçın və s. Bəs ikinci ana dediyimiz Vətənimizin bütövlüyü yolunda canlarından keçən şəhidlər? Axı onların arzuları hələ də həyata keçməyib. Qarabağ düşmən əsirliyindən azad edilməyincə hansı qazanclardan, nailiyyətlərdən danışmaq olar?
Azərbaycanın, Qarabağın ən gözəl guşələrindən olan Laçının işğalından 16 il keçir. 16 il öncə 62 minə yaxın əhalisi olan Laçın 120 kənd, 1 şəhər və 1 qəsəbə olmaqla indi sakinsiz qalıb. Sakinləri pərən - pərən Azərbaycan ərazinə səpələnib. 262 nəfəri döyüşlərdə şəhid olub, 100 nəfərə yaxın itkin düşüb, 36 nəfər əsir götürülüb.
Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın gözləri yaşlı qalıb. Nə etmişik biz onların gözünün yaşını silib, başlarına sığal çəkmək üçün?
Hər il ən yaxşı halda işğal olunma günü matəm günü kimi qeyd edilir, həmin rayon haqda sənədli film göstərilir və bir neçə ənənəvi tədbir görülür. Təəssüf dolu nəzərlərlə lentə alınan kadrlarda əldən verdiyimiz vətən torpağına baxıb kədərlənirik. Amma il, il üstə ötüb keçir. Böyüməkdə olan nəsil üçün bu hadisələr artıq ən yeni tarixdən uzaqlaşır. Vətənpərvərliyi hər səhər himn oxumaq, yalnız azərbaycan dilində danışmaq kimi dar mənalarda tanıyan Azərbaycan yeniyetməsi «Azərbaycanın milli qəhrəmanları» mövzusunda inşa yazarkən erməni uşağına türkə nifrət, qondarma «erməni soyqırımı» haqqında danışır, həm də nağıl şəklində deyil, məharətlə hazırlanmış kitablara əsaslanaraq, Xocalıda qətlə yetirilən azərbaycanlıların şəkillərini öz həmvətənləri kimi qələmə verərək. Biz isə hər dəfə dünya səviyyəsində «nüfuzlu» təşkilatların hesabatlarını dinləyərək yeniliklər gözləyirik. Son illərdə Azərbaycan və Ermənistan rəsmilərinin dəfələrlə görüşləri baş tutub. Amma danışıqlarda heç bir real irəliləyiş yoxdu.
İnanıram ki, hər bir azərbaycanlı vətəninin ərazi bütövlüyü ilə yanaşı öz milli «mən»ini bərpa etmək, utancla deyil, qürurla özünə və başqalarına «mən azərbaycanlıyam» demək arzusundadı.
İnşallah ki, Laçın qəribliyinə bu ildə son qoyular və qara tarixlər içində həm qırmızı rəngi, həm də milli, mənəvi dəyərliliyi ilə seçilən QƏLƏBƏ, AZADLIQ, QARABAĞ günü qeyd edilər!!!


Günay Həsənova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Curnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: