четверг, апреля 10, 2008

BƏXTİ GƏTİRMƏYƏN YUXU

( və ya yüz faiz absurd)

Gecə saat birə on beş dəqiqə işləyirdi. Bütün günü aktiv olduğumdan çox yorğun idim. Səhər də erkən duracağımı nəzərə alıb yatmağı qərarlaşdırdım. Elə hər şey bu qərardan sonra başladı.
Soyuq yatağıma uzanan kimi məni yuxu öz dünyasına apardı. Bu dünya necə dünya idi! Kaş ki telefonum yanımda olaydı oraları bir çəkib sizə göstərərdim.
Xulasə, bu qədər şirin sözdən sonra gərək yuxumu sizinlə bölüşəm.
Yuxuda özümü Bakıda təzə tikilmiş bir körpünün yanında gördüm. Körpünün altında tıxac-zad yox idi. Çünki, üzərində maşınlar hərəkət edirdi. Bu məni çox təəccübləndirdi. "Belə də şey olar" demək istəyirdim ki, bir xarici «Ceep» maşınının mənə siqnal verdiyini gördüm. Çevrilib baxdim ki, kim olsa yaxşıdı? - mənim həmişə utana-utana 20 qəpik verdiyim, ayağının biri olmayan, yağışda da, qarda da metronun qabağında dayanan dilənçi. Indi oturub bir «Ceep»də özü üçün fırlanır. Başım və əllərimlə ondan maşını haradan aldığını soruşdum. O isə mənə maşının "Diləncilərə yardım fondu" tərəfindən verildiyini söylədi.
Onunla sağollaşdim. Birdən yadıma daima ağzı açıq olan və ətrafa pis qoxu yayan, yolun sağ tərəfindəki kanalizasiya luku düşdü. Həmin yerə diqqətlə baxdım. Lukun qapağı üstündə idi. Ətrafadan da pis qoxu gəlmirdi.
Elə mən bu qeyri-adi mənzərəyə baxırdım ki, birdən qabağımdan bir avtobus keçdi. Hər şey normal idi. Avtobusun içində bir nəfər də ayaq üstə deyildi. Hamı oturmuş, düşəcəkləri dayanacağı gözləyirdi.
Mən özümü itirmişdim. Elə bilirdim ki, mənim başıma hava gəlir. Axı bütün gördüklərim normal hal deyildi.
Elə bunları fikirləşə-fikirləşə irəliləməyə başladim. Nə biləydim ki, qarşıda görəcəyim səhnə bunlardan da pis olacaq. Birdən qarşıma elə bir səhnə çıxdı ki, sanki, başıma bir vedrə isti su tökdülər.
Iki cavan oğlan nəyinsə üstündə mübahisə edirdi. Bir polis işcisi də onları nəzakətlə ayırırdı və onlar arasındakı problemi həll etməyə çalışırdı. Nəhayət polis öz məqsədinə çatdı. Sözügedən gənclər bir-birlərinə əl verib barışdılar.
Öz hisslərimi saxlaya bilmədim. Polisə yaxınlaşıb "nəyə görə onların əllərini qandallayıb şöbəyə aparmadın?" deyə sorüşdüm. O isə mənə nəzakətlə "Oğlum, polisin işi vətəndaşları tutmaq deyil, nizam-intizamı bərpa etməkdi" -dedi .
Polis işçisinin bu sözlərindən sonra ondan qaçmağa başladım. Qaça-qaça da bütün gördüklərimə görə "lənət şeytana, lənət şeytana" deyirdim
Birdən telefonumun səsi məni oyatdı. Artıq sübh vaxtı yetişmişdi. Bütün gördüklərimin yuxu olduğunu anlayanda çox sevindim.
Bir saatdan sonra hazırlaşıb evdən çıxdım. Hələ də yuxunun təsirində idim. Avtobus dayanacağına yaxınlaşdım. Bir müddət sonra avtobus gəldi. Zatən dolu olan avtobusa necə mindiyimi bilmədim. Icəridəki hər kəs bu basabasdan narazı idi. Təkcə məndən başqa. Mən yuxunu yadıma salıb gülürdüm.
Sonra avtobusdan düşüb metroya yaxinlaşdim. Yuxudakı dilənci yenə də həmişəki yerində idi. Ona iyirmi qəpik verib, təbəssumlu bir şəkildə "Yardim fondundan bir xəbər var?" - deyə sual verdim. O isə mənə sual dolu gözlərlə baxırdı. Çünki nə baş verdiyini xəyal belə edə bilməzdi.
Ondan aralandim. Gördüklərimin yuxu olduğuna o qədər sevinirdim ki, hətta körpünün altındakı tıxacdakı maşınların səsi və açıq lükdan gələn pis qoxu da mənə doğma gəlirdi.
Nə isə… Deyirlər gördüyün yuxunun əksi olur. Mənim yuxumun əksi onsuz da olub. Belə qənaətə gəlirəm ki, mənim yuxum görülməmişdən qabaq çin olub.
Bir də deyirəm ki, nə yaxşı ki, telefonum yanimda olmayıb. Əgər onları çəkib sizə göstərsəydim, heç bilmirəm axırı necə olardi.
Ya həmin kadrları məndən bluetooth-la (mavi diş) öz telefonlarınıza köçürüb, bütün günü iş-gücünüzü atıb həmin kadrlara baxardınız.
Ya da gecələr gəlib mənim yuxuma girərdiniz ki, həmin anları yaşayasınız.
Deyirəm də… Yaxşı ki telefonum yanımda olmayıb.

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: