пятница, апреля 18, 2008

Xurafat

Dinimizin ilahi saflığını təhdid edən ən təhlükəli amillərindən biri xurafat və mövhumatlardır. Xurafat və bidətlər İslam dininə çox böyük zərbə vurmaqdadır. Təsadüfü deyil ki, dinimizi tənqid edib pisləyənlər özlərinə dəlil kimi məhz müsəlmanlar arasında geniş yayılmış xurafatları misal çəkir, bunu İslam adına çıxıb dinimizi gözdən salmağa çalışırlar. Dinə bundan daha böyük zərbə təsəvvür edilə bilməz.
Xurafatlar həqiqi dindən uzaq həyat sürən kütlələr içində çox geniş yayılıb. Gündəlik həyatımızda müsəlman əqidəsindən çox uzaq olan belə inanclarla hər birimiz dəfələrlə qarşılaşırıq. Bəzən hətta Allah Təalanın Quranda vacib buyurduqlarına heç xurafatlar qədər riayət edilmir. Xurafatlara inam bağlılığı həyatımızın bir çox sahələrində özünü göstərməkdədir. Misal olaraq aşağıdakı batil və dinlə heç bir bağlılığı olmayan inancları gətirmək olar: 13 rəqəmini nəsh bilmək, qapıda görüşməyi uğursuzluq əlaməti saymaq, axşam çağı ev süpürməmək, dirnaq tutmamaq , gözmuncuğunu nəzərdən qoruyan talisman hesab etmək, bəzi adamları «ayağı ağır» adlandırmaq və s.
Əlbəttə ki bu əməllərin heç birini əqidə və inanca çevirmək düzgün deyil. Bu - müsəlman əqidəsi ilə uzlaşmayan bir haldır və insanın həyatda normal, rahat yaşayışını məhdudlaşdırır. Mübaliğə olmasın, bəzən adam asqırmağa belə çəkinir ki, birdən «tək səbir gəldi» deyə yanindakılar onu qınayar...
İslam dininin maarifçiliyi, ilahiyyat elmlərinin təbliği, Qurani-Kərim və Peyğəmbərimizin (s) buyruqlarının tədrisi - xalqı İslam dininin əsasları ilə tanış edir və belə olduğu halda camaat nəyin dindən, nəyinsə xurafatdan ibarət olmasını öyrənir. İslam dininin olduğu kimi qorunması üçün insanlar arasında tədris və təbliğ işinin aparılması dini elmlərlə tanışlığı olan və dini qaydaları bilən bütün müsəlmanların ən başlıca vəzifələrindəndir.

Xəyalə Heydərova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Комментариев нет: