среда, апреля 09, 2008

Müasir cəmiyyət və müsəlman ailəsi arasında həlledilməz konflikt yoxdur

Cəmiyyət inanc mövzularına kifayət qədər tolerant yanaşmalıdır

«Hikmət evi» disput mərkəzinin təşəbbüsü ilə «Müsəlman ailəsi və müasir cəmiyyət: qarşılıqlı iradlar və anlaşmalar» mövzusunda disput keçirildi. Tədbirin təşkil olunmasda məqsəd müasir cəmiyyətin tərkib hissəsi olan müsəlman ailələrinin ictimaiyyətlə münasibətdə qarşılaşdığı çətinliklərin müəyyən olunması, müzakirələr vasitəsilə həll yollarının ortaya çıxarılmasında idi.
Tədbiri Hacı İlqar İbrahimoğlu açıq elan edərək bütün disput iştirakçılarını salamladı və hamını müzakirələrdə aktiv iştirak etməyə çağırdı.
İlk olaraq cəmiyyətin - daha doğrusu cəmiyyəti təmsil edən çıxışçının - N.Zeynalovanın «müsəlman ailəsinə iradlar»ı səsləndi. Çıxışının əvvəlində bir çox müsəlmanların cəmiyyətdə kifayət qədər gözəl əxlaq göstərməməsi mövzusunda N.Hacıyeva Peyğəmbərin (s) davamçısı olmaq iddiasında olan müsəlmanın bu iddiaya yaraşmayan bir məsələdə - özünün qeyri-dindardan üstün olduğunu nümayiş etdirdiyi haqda danışdı. Bunun ictimai yerlərdə - təhsil ocaqlarında, iş yerlərində, nəqliyyatda, hətta qohum-əqraba ilə münasibətdə də təzahür olunduğunu qeyd etdi.
Söhbətin davamında bir sıra dindarların helmsiz - yəni sərt olduqları, kəskin danışmaqları, digərlərinin tərbiyə üsullarını bəyənmədikləri və sairə haqqında ətraflı danışdı. Çıxışçı söhbətini müsəlmandan olan gözləntilərin çox böyük olması ilə yekunlaşdırdı.
Müsəlman ailəsinin timsalında G.Həsənova isə öncə öz iradları ilə çıxış etdi: «Müsəlman öz dininin çağırışlarından irəli gələrək cəmiyyətdən uzaq düşməməyə, daim insanlar arasında olmağa çalışır. Lakin, bəzən öz izzətinin hər hansı ictimai yerdə əziləcəyini bildiyi üçün ora getməkdən çəkinir. Belə olduğu halda isə cəmiyyət onu asketlikdə - özünü təcrid etmədə ittiham edir». Daha sonra çıxışçı təhsil sektorunda olan problemlərdən danışarkən Azərbaycan mühitində azlıq təşkil edən hicablı xanımların məruz qaldığı mənəvi təzyiqlərdən söz açdı. Bir müddət öncə təhsil ocaqlarında hicaba qadağa qoymaq ideyasını da xatırlatdı.
Çıxışcı «Ailə qurarkən cəmiyyət müsəlmanın - dindarın nə şəkildə nigah mərasimi təşkil edəcəyinə müdaxilə edir. Onun seçim azadlığına hörmət etmir, övladına verəcəyi tərbiyənin metodologiyasını iztehza ilə qarşılayır, dünyagörüşündən irəli gələrək atdığı addımları pisləyir» və bu kimi şərhlərlə ilk çıxışını yekunlaşdırdı.
Cəmiyyətin ittihamlarını cavablandırarkən çıxışçı həqiqi müsəlmanın - yəni özünü Yaradıcısına təslim edənin ictimai xətalara yol verməsinə İslam dininin yol vermədiyini bildirdi. Fərd olaraq belə səhvlərin mövcudluğunu isə bütün İslam dininin nümayəndələrinə aid edilməsini pislədi.
Hər iki çıxışçının qarşılıqlı iradları dinləndikdən sonra disput iştirakçıları öz rəyləri və təklifləri ilə deyilənlərə əlavələr etdilər. «Cəmiyyət təmsilçisi»nin fikirləri ilə razı olanlar daha çox müsəlmanları ayrı-seçkilik etməkdə - yəni hər hansı sferada işçi axtararkən onun dindar olmasını əsas götürməkdə, qeyri-dindarlara qarşı kobudluq göstərib onların evinə gətirilən hədiyyələri qəbul etməməkdə, elmə meylli olmamaqla yanaşı qeyrilərinin qiraət üçün ayırdığı zamanı «vaxt itkisi» adlandırmaqda, bəzən lazım olmayan dərəcədə yumşaqlıq göstərməkdə, maraqsız, solğun, ləng və sair bu kimi xoşagəlməz xüsusiyyətlərdə ittiham etdilər. Müsəlmanlara digərlərinə qarşı daha mülayim olmağı, öz dünyagörüşlərindən fərqli düşünən insanlara daha çox ehtiram göstərməyi tövsiyə etdilər.
Müsəlman ailəsinin düşüncələrini dəstəkləyən insanlar arasında isə ən çox səslənən iradlarını dindarların təzyiqə məruz qalmaları və buna görə də daim özlərini müdafiə etməli olduqları, öz dinini yaşadarkən radikal adlandırıldıqlarını, cəmiyyətin İslam dininin həqiqi dəyərlərindən məlumatsız olduqları və sairə təşkil edirdi.
Tədbirin sonunda Hacı İlqar hər iki tərəfə sualla müraciət etdi: «Kim güzəştə getməlidir, cəmiyyət, yoxsa müsəlman?». Hər iki tərəfdən müxtəlif fikirlər səsləndi. Lakin, nəzərə alınsa ki, müsəlmanın atdığı hər bir addım onun dinindən, dünyagörüşündən irəli gəlir, deməli o, bu məsələlərdə etiqadının ziddinə gedə bilmir. Belə ki, o başqalarını razı salmaq üçün haram olanı yeyə, Allahın icazə vermədiyi yığıncaqlarda və ya məclislərdə iştirak edə bilməz.
Bütün deyilənlər nəzərə alınaraq belə nəticəyə gəlindi ki, müsəlman ailələri və müasir cəmiyyət arasında çözülməyəcək problemlər yoxdur. Lakin, səslənən fikirlərin hər birinin ətraflı müzakirə olunmasına, eyni zamanda Azərbaycan toplumunun dini maariflənməsinə çox böyük ehtiyac var.
Sonda Hacı İlqar belə disputların silsiləvi xarakter daşıyacaqına ümüd bəslədiyini qeyd etdi.

Günay Həsənova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Комментариев нет: