пятница, апреля 04, 2008

Kimsən sən, ey insan?

Ustad Şəhid Mütəhərrinin əxlaq fəlsəfəsi bəhsində “Pərəstiş” nəzəriyyəsi ilə bağlı belə bir fikrinə rast gəlirik: müasir texnika sübut edib ki, insan agah və naagah şüura malikdir. İnsanda agah və naagah pərəstiş hissi vardır. Əslində din də gəlib ki, daxilimizdə olan naagah pərəstişdən bizi agah pərəstişə yönəltsin.
Bəli, din gəlməyinə gəlib, amma biz ki, (yəni çoxlarımız) dinə tərəf gəlmirik? Bəlkə dinlə insan arasındakı bu fasilədə hansısa bir təkanverici amil var ki, bunu bəzi insanlar özlərində tapır, digərləri isə həmin amili özlərində tapa bilmirlər. Bəs nədən ibarətdir bu amil? Nədir insanı naagah vəziyyətdən ayıldan?
Əvvəlcə gəlin görək din özü nədir? Din insanın vücudu ilə bağlı 4 suala cavab verən bir sahədir. Həmin 4 sual bunlardır: Haradan gəlmişəm? Haradayam? Haraya gedəcəyəm? Nə etməliyəm?
Fikrimizcə, insan bu suallara cavab tapmadan öncə daha bir sualı özünə verməlidir. Bu “Mən kiməm?” sualıdır. Biz bununla dinin 4 sualına 5-ci sualı əlavə etmək fikrində deyilik. Sadəcə onu bildirmək istəyirik ki, bu sual dinin 4 sualından öncə gəlib təkanverici və çox mühüm bir rol oynayır. “Mən kiməm?” sualını özünə verənə qədər insan dinlə maraqlanmır və maraqlanmış olsa belə bu marağın onun özünə bir faydası olmur. Bu maraq sadəcə onun dünyagörüşünün genişlənməsinə, informasiyasının artmasına xidmət edir. Yalnız qəflət yuxusundan ayılıb öz kimliyini dərk etməyə maraqlı olan insan din adlı nəhəng ümmana baş vurur, özü ilə bağlı bitib-tükənməyən vücudi cuallara cavab axtarır, öz nəhayi kəmalına qovuşmağa can atır.
Amma dünyada baş verən hörümçək toruna bənzər dolaşıq proseslər bizim başımızı o qədər qatır ki, bu torun içində çaşqın vəziyyətdə ilişib qalırıq, və bizim üçün çox önəmli olan, böyük əhəmiyyət daşıyan “mən kiməm?” sualını özümüzə vermək yadımıza belə düşmür. Hərdən elə vəziyyət yaranır ki, biz bu sualı kənardan eşitməli oluruq - kimsən sən? Bəzən həddimizi aşıb tüğyan etdiyimiz zaman birbaşa, kiminsə dilindən, bəzən isə qarşısında aciz qaldığımız hansısa hadisələrin fonunda, dolayısı ilə bu sualı eşitmiş oluruq. Yalnız bundan sonra vücudi böhran halına düşüb, özümüzə “mən kiməm?” sualını verir, dünyanın bizim üçün qurduğu tordan qurtuluş yolu axtarır, və nicat yolunu dində tapırıq.
Əgər fikir vermiş olsaq, görərik ki, dinin əhatəsində olduğu dörd sualın dördü də insanın özünə aiddir. Haradan gəlmişəm? Haradayam? Hara gedecəyəm? Nə etməliyəm? İnsan bu suallara cavab tapdıqca özünü tanıyır, özünü tanıdıqca Allahını tanıyır. Söz bu məqama yetişəndə yəqin ki, əziz Peyğəmbərimizin (s) məşhur hədisi öz yerini tutmalıdır. Peyğəmbərimiz (s) buyurur: “Kim özünü tanıyarsa, Rəbbini tanıyar”.
Buraya qədər dediklərimizdə “mən kiməm?” sualının hidayətə qədər olan mərhələdə əhəmiyyətindən danışdıq. Amma bununla məsələ tam bitmiş hesab edilmir. Çünki, insanın hidayəti tərəqqiyə, öz xoşbəxt sonluğuna, Rəbbinə tərəf aparan ilk addımıdır. O, həyatı boyu təzadlar meydanındadır və bu təzadlar meydanında onun dəyəri üzə çıxır. İnsanın hər an etdiyi düzgün seçimləri onu yüksəldir və yaxud əksinə, qeyri-düzgün seçimləri onu insanlıqdan çıxarıb şüursuz varlıqlar səviyyəsinə endirir. Deməli, hidayət olmuş mömin insanın da hər an tənəzzül edə bilmək təhlükəsi var.
Bəs nə etməli? Hidayət tapmış, dininə əməl edən insan artıq nə etməlisini bilir. Nə etməli?- Rəbbini dinləməli. Rəbbimiz Qurani-Kərimdə Ali-İmran surəsinin 103-cü ayəsində bizə buyurur: “Hamılıqla Allahın ipindən möhkəm yapışın, bir-birinizdən ayrılmayın...Siz oddan ibarət olan uçurumun kənarında ikən O, sizi oradan xilas etdi...”
Mərhəmətli Rəbbimiz bu ayədə bizə öz durumumuzu və bu durumdakı nicat vasitəmizi bizə tanıtdırır. Allah-Təala Peyğəmbər (s) və onun Əhli-beytini (ə) bizimlə özü arasında nicat vasitəsi qərar verir. Əhli-beyti tanıyan hər bir müsəlman Məsumların (ə) həyatını özünə örnək bilir.
Nə qədər ibadət etsə də, nə qədər təqvalı, əxlaqlı olsa da özü ilə qürrələnmir, daha doğrusu qürrələnə bilmir. Mömin hər dəfə öz ibadəti, təqvası, əxlaqı, səbri ilə qürurlanmaq istəsə, Əhli-beyt (ə) ibadəti, Əhli-beyt (ə) təqvası, Əhli-beyt (ə) əxlaqı, dözümü, səbri gözləri önündə canlanır və bu an özü-özündən soruşur - mən kiməm ki?
Əhli-beyt (ə) bizdən sən kimsən? deyə soruşmur. Onların qəlblərdə qoyduğu silinməz izlər insanların bu sualı özlərinin özlərinə verməsinə səbəb olur. Təkəbbür o insana yaxın düşə bilmir. Təkəbbür yaxın düşə bilmədiyinə görə təkəbbürlə bağlı bir sıra çoxsaylı günahlar da həmin insandan kənar qalır.
Beləliklə, ayədə təsvir olunan oddan ibarət uçurumun kənarındakı təhlükədən insan Əhli-beyt (ə) ipindən tutaraq xilas olmuş olur. Əhli-beyt (ə.s) bizdən “Sən kimsən?” sorusunu sormasa da, bizim necə bir varlıq olduğumuzu bizə anladır. Onlar öz nümunəvi həyatları ilə sanki hər an bizə xatırladırlar: Tök təkəbbürlük daşlarını ətəyindən! Bu yük səni tənəzzülə aparır. Sən elə bir varlıqsan ki, yalnız öz təqva libasında, təqva çəkində ucala bilərsən. Mələkləri belə geridə qoyub, lap, lap ucalıqlara çata bilərsən. Amma tez-tez xatırla kimsən sən?...

Bikəxanım Əzimova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: