среда, апреля 30, 2008

Namaz və dualar veb saytdan izləniləcək

Məscid-i Haram və Məscid-i Nəbidəki namaz və dualar bütün dünyadan izlənilə biləcək

Məscid-i Haram və Məscid-i Nəbidə qılınan namaz və edilən duaların bütün dünyada izlənilə bilməsi üçün bir veb sayt qurulub. Yaradılmış veb saytda (www.gph.gov.sa) bundan başqa Qurani-Kərimin oxunuşu və İslam dərslərinin verilməsi nəzərdə tutulub. Bu barədə məlumatı “dunyabulteni” informasiya saytı yayıb.
Təşkilatçılar hazırda layihənin ikinci mərhələsinin üzərində işlərin getdiyini bildiriblər. İkinci mərhələdə elektron təhsil xidmətlərinin yaradılması nəzərdə tutulub. Hər iki məsciddə tapılan nadir kitablar və əlyazmalarının siyahısı da saytda yerləşdiriləcək ki, bu da tədqiqatçılar üçün bir əsaslı mənbə olacaq.
Bundan başqa veb saytda Həcc və Ümrənin necə ediləcəyi ilə əlaqədar məlumatlar ərəb, urdu və ingilis dillərində yayımlanacaq. Həmçinin, Məkkə və Mədinədə azan saatları, İki Məscid imamlarının səsindən Qurani-Kərim tilavətlərini və xütbələri dinləmək olacaq. Veb saytı ayrıca olaraq ərəb, İndoneziya və urdu dillərində radio proqramları təqdim edəcək. Gələcəkdə saytın dünyanın bir çox dillərində yayımlanacağı istisna edilmir.
Hər iki məscidin rəhbəri Saleh Əl Hüseyin “Khaleej Times” xəbər saytına etdiyi şərhdə "İctimaiyyəti xidmətlərimiz haqqında məlumatlandırmaq üçün bu veb saytını qurduq. Saytın İslam mesajının digər cəmiyyətlərə çatdırılmasında əvəzsiz rol oynayacağına inanırıq. Veb saytının və xidmətlərimizin daha da inkişafı üçün istifadəçilərin təkliflərini gözləyirik" - deyə bildirdi.


Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi











Комментариев нет: