четверг, апреля 10, 2008

Fələstin - sözün bitdiyi an

Mövzuya Ustad Şəhid Murtəza Mütəhhəri ağanın “Əgər İmam Hüseyn ələyhissalam bu gün sağ olsaydı, onun şüarı Fələstin! Fələstin! Fələstin! olardı” sözləri ilə başlamaq istəyirəm.
İmam Hüseyn (ə) Kərbəlada lənətlik Yezidin ordusuyla qarşılaşdıqda özünə qarşı döyüşməyə gələnlərə üzünü tutub Peyğəmbər nəvəsi olduğunu və şəcərəsini açıqlayaraq, əsgərlərin bir səhvin və aldadılmağın güdazına getməsini istəmir. Lakin Yezid ətrafındakıları pul, məqam, mövqe vədləri ilə elə doldurmuşdu ki, satılmışların heç biri qılıncını geri buraxıb, «nə edirik?!» deyə düşünmədi. İslamın və İmam Əlinin (ə) igid oğuluna qarşı hücuma keçdilər, bəşəri cinayətə qol qoydular.
Günlərlə susuz və ac halda İmam Hüseyn (ə) və yoldaşları Yezidin və ətrafındakıların satılmışlarına boyun əyməyərək, burada Şəhədət şərbətini içirlər.
Kərbəla hadisəsindən 14 əsr keçir.
Hal-hazırda Kərbəla hadisəninin bənzəri Fələstin torpaqlarında, Qəzza bölgəsində yaşanır. Qəzza şəhəri hər gün onlarla İmam Hüseynə (ə) yoldaş olmuş igidlərin bugunkü sələflərinin torpağa getməsi xəbəri ilə çalxalanmaqdadır.
Sionistlərin tətbiq etdiyi və dünyanın göz yumduğu mühasirə nəticəsində xüsusilə Qəzza bölgəsində günahsız və müdafiəsiz insanlar susuzluq, qida, dərman və s. zəruri insani ehtiyaclarını belə aradan qaldıra bilməməkdədirlər. Başqa sözlə İmam Hüseynin (ə) yoldaşları kimi canlarını əqidələrinə qurban verməkdədirlər.
Lakin bu qürurlu və şərəfli insanlar heç bir zaman hallarından və vəziyyətlərindən şikayətçi olmadılar. Onlar yalnız və yalnız Həzrət Muhəmməd (s) ümmətinin səslərinə səs verməsini, qəlblərilə dərdlərə şərik olmalarını, «biz buradayıq, ya Hüseyn (ə)!» deyə beyətlərini təzələməsini gözləyirlər.
Ey hər gün «Sahibzaman(ə.f) gəl»» deyən kəslər! Ey Fatimənin itmiş Yusifini gözləyən kəslər! Ümmətin nümayəndəsi olan və qürurunu qorumaq üçün özünü həsr etmiş bu igidlərin etiraz səsinə səs verməyin, onların tək olmadıqlarını bildirməyin məqamıdır.
Olduğumuz yerdən qırğınlara tamaşaçı qalmamağımız və bu bəşəri cinayətlərə laqeyd olmamağımız gərəkdir. Səsimizlə, ibadətimizlə, dualarımızla, əməllərimizlə İmam Hüseynin (ə) və Qəzzadaki igidlərin yanında olduğumuzu, onların yalqız olmadıqlarını mütləq hiss etdirməyimiz lazımdır. Allah hər bir Hüseyn (ə) aşiqinə kömək olsun!

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: