пятница, апреля 11, 2008

İnsan olduğu kimi

Insan… Bu kəlməni hər kəs bir cür anlayır. Kimisi insan deyəndə onun ancaq maddi tərəfini, yəni əllərini, ayaqlarını və digər əzalarını nəzərdə tutur. Kimisi isə qeyri-maddi tərəfini, yəni düşüncə və onun məhsullarını başa düşür.
Müxtəlif dövrlərdə insana baxış bucağı müxtəlif olmuşdur. Bəzən bütün insanları eyniləşdirmişlər, bəzən də hər hansı dəyər əsasında müxtəlif təbəqələrə bölmüşlər.
Hələ lap qədim dövrlərdən maddi dəyərləri əsas tutub insanları varlı-kasıb olmaqla iki təbəqəyə ayırmışlar. Sonralar isə nisbətən bu fikr dəyişmiş düşüncəyə, zəkaya meyllik yaranmış, alimlərə, şairlərə daha çox qiymət verilmişdir.
Müasir dövrdə isə insana baxiş bucağı, onların təbəqələşməsi bir qədər mürəkkəbdi. Bir qrup insanlar əvvəllərdə olduğu kimi, maddi dəyərləri üstün tutur. Başqa bir qrup isə qeyr-maddi dəyərlərə daha çox qiymət verir.
Ancaq bunlardan heç biri məsələyə Yaradan müstəvisində baxmamışdır. Əslində isə insanların hamısı yaranmış olduğundan yaradan qarşısında eynidilər. Bu mənada onları təbəqələrə bölmək olmaz. Ən azından bizim buna ixtiyarımız yoxdur.
Ancaq yaranmiş insanları bir-birindən fərqləndirmək lazimdırsa, yeganə dəyər müstəvisi - kamillik müstəvisidir. Kamilliyə yaxın olan insanlar və kamilliyə uzaq olan insanlar…
Göründüyü kimi, bu dəyər sistemi insanların ölçmə qabiliyyətindən kənardadı. Deməli heç kim özünün hansı pillədə olduğun yəqin edə bilməz. Onu ancaq Yaradan bilə bilər.
Bəs kamil insan kimdir ?
“Kamil insan” insanlığın hədəfidi. Necə ki, idmançı öz sahəsinin birincilərindən olmaq istəyir, eləcə də insan bu insanlıq aləminin ən müsbət mənada birincisi olmağa can atmalıdı.
“Kamil insan” zirvədə olan bir nöqtədi və hər kəs o nöqtəyə çatmaq üçün ona verilən ömür adlanan vaxt kəsiyindən və ona verilən ağıl adlanan enerjidən istifadə edir.
Şəhid Mütəhhərinin təbirincə desək, "Kamil insan bütün insani dəyərlərdə qəhramandı. Kamil insan həyatının bütün səhnələrinin qəhramanıdir ".
Həyatın səhnələri iki cür başa düşülə bilər
Birincisi insanin evdəki rolu, işdəki rolu, məktəbdəki rolu, qonşuluqdakı rolu və s. həyatın səhnələri kimi.
İkincisi isə insanın ömrünün səhnələri. Yəni, bir ömrü filmə bənzətsək, görərik ki, film səhnələrdən ibarət olduğu kimi, insan ömrü də müəyyən səhnələrdən ibarətdir. Bir səhnənin sonu digər bir səhnənin başlanğıcıdır - kinolarda olduğu kimi.
Bax bu səhnələrin qəhrəmanı olan şəxs kamil insandır.
Bəs bütün səhnələrin qəhramanı olmaq üçün nə etməli?
Bəlkə də bunu izah etməyə bizim gücümüz çatmaz. Ancaq insana verilən ağlın, düşüncənin köməyi ilə bir qədər yaxınlaşmaq olar.
Bütün insanlar həyatın müxtəlif səhnələrinin qəhramanı olurlar. Ancaq nəyə görəsə növbəti səhnələrdə bu qəhrəmanlıq zənciri qırılır. Bəzi səhnələrdə qalib olan insan, qalan səhnələrdə məğlub olur.
Buna səbəb insanda "mənəm-mənəmlik", başqa sözlə desək, təkəbbürlük hissinin olmasıdır.
Qəhrəmanı olduğu səhnədə insan özünü əsl qəhrəman hesab edir. Elə bu vaxt təkəbbürlük hissi daxildə baş qaldırır. Bununla da insanın iradəsinə birbaşa bağlı olan mübarizə başlayır. Əgər insan bu hissləri öldürə bilsə, növbəti səhnələrdə də qalib ola bilər. Yox, əgər qəhramanı olduğu səhnənin birində təkəbbürlürlük hissinə uduzsa, həyatının o biri səhnələrində də qəhraman ola bilməz.
İnsanları bir-birindən fərqləndirən məhz budur. Kimisi daxili hissləri ilə mübarizədə qalibdi, kimisi yox. Kimisi qəhramandı, kimisi yox. Kimisi kamildi , kimisi yox.
Daxili hissləri ilə mübarizədə qalib gələnlər həyatının bütün səhnələrinin qəhramanıdır. Həyatının bütün səhnələrinin qəhramanı olan kamil insanlar…

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: